ƏZİZ SƏNƏ

Mənə hər bir şeydən əziz sənə mən,
Şeir həsr etməyə qorxuram, birdən,
Oxuyub, məndən gənc, layiqli biri,
Səni mən tək sevər, mən kimi qəlbdən.


Mənə hər bir şeydən doğma səni mən,
Vəsf etməyə qorxdum, sevən kəs birdən,
Öz sevdiciyinə eşqin bildirər,
Səninçün tapdığım gözəl sözlərdən.

KÖMƏKÇİ

Anamız bu gün işdədir,
İşdədir böyük qardaşım.
- Gör bir işin nə qədərdir,
Deyir mənə qonşularım.

Bir işdən yapışım dedim,
Birdən anamız gec gələr.
Nahara qoy nəsə edim,
O isə bir az dincələr.

Qoymaram yorulsun anam,
Tək gətirrəm odunları.
Çalışıb hazırlayaram,
Əsl aşpaztək naharı.

Qab-qacaqları sürtərəm,
Təmizlərəm hər bir yeri.
Bir-bir yerinə düzərəm,
Oyuncaq və dəftərləri.

«Fəxrimizsən, bir dənəsən»
Deyəcək anam, qardaşım.
«Bu evin sahibi sənsən,
Olsa da boyun bir arşın»

Qalay Əsgərcİk

Qalay əsgər

Əynində mundiri
 Özü qalaydan.
Dayan! - deyir əsgər, 
 Yol yoxdur burdan!
 Səsləndilər ona:
 Kraliçayam mən, 
 Təcili kralla
 Görüşməliyəm!
 Əsgər cavab verdi:
 Təəssüf edirəm. 
 Krala belə yol
 Verə bilmərəm.
 Görsəm kralı da,
 Deyəcəm belə:
 Giriş-çıxış üçün,
 Şifrəni söylə.
 Şifrəni bilirəm! 
 Səs gəldi yenə.
 Şokolad sözüdür, 
 Dedilər mənə.
 Yolüstü bir az da 
 Aldım sizinçün.
 O! - dedi əsgərcik, 
 Buyurun, keçin.
 Əynində mundiri,
 Özü qalaydan
 Belə şirnisevən
 Taparsız hardan?!