Ağ saçım


Ağ saçım, demədin nə vaxt gəlmisən,

Güc gəlib deyəsən maraq, gəlmisən.
Qapını döydünmü? Eşitmədim heç!
Bacadanmı girib sərvaxt gəlmisən?

Tək gəlsən üzünə vurmazdım bunu,
Dartmısan arxanca qohum, dostunu.
Hələ gözləmirdim sənin yolunu,
Səndən nə gizlədim, bivaxt gəlmisən.

Xoş gəldin deməyə dönmür heç dilim,
Qalacaqsansa de, işimi bilim?!
Saqqala girişmə amma, mən ölüm!
Gəl elə zənn edək qonaq gəlmisən.