Ağ saçım


Ağ saçım, demədin nə vaxt gəlmisən,

Güc gəlib deyəsən maraq, gəlmisən.
Qapını döydünmü? Eşitmədim heç!
Bacadanmı girib sərvaxt gəlmisən?

Tək gəlsən üzünə vurmazdım bunu,
Dartmısan arxanca qohum, dostunu.
Hələ gözləmirdim sənin yolunu,
Səndən nə gizlədim, bivaxt gəlmisən.

Xoş gəldin deməyə dönmür heç dilim,
Qalacaqsansa de, işimi bilim?!
Saqqala girişmə amma, mən ölüm!
Gəl elə zənn edək qonaq gəlmisən.

Advertisements

Rəhmə gəl

 

Ləblərinin rəngidir al qırmızı,
Ey qönçə dəhan, ver bir öpüm, rəhmə gəl.
Yola gətirməkçün sən insafsızı,
Gərəkdirmi ki, mən ölüm?! rəhmə gəl.

Mən səni sevdim, bu ki, aşkar sənə,
Yaralandım, mən düşdüm şikar sənə.
Sevirsənsə, yaraşmaz inkar sənə,
De mənə, şad eylə könlüm, rəhmə gəl.

Ruhumu sən bədənimdən əmmisən,
Eşq gülümü qopartmısan, dərmisən.
Sən Elxandan gəl deməyə bəndmisən?!
Gəl gülüm, gəl artır ömrüm, rəhmə gəl!

Salam daşıyan gəmi

Əbədi saxlamaz səni bu lövbər,
Sən ki, yaranmadın dayanmaq üçün.
Fırtına təhdiddir, incidə bilər,
Durğunluq öldürər səni büsbütün.
*    *    *
Hazırlaş, özünü bərkit yollara,
Üzməyə et davam, qanad aç uç sən! 
Bir də, salam söylə bütün dostlara,
Əgər sən onları sahildə görsən.