Azarkeş ağac

Image

Məsələni çox şişirtməyəcəm. Ağlamalnski söhbətə oxşasa da əslində balaca bir kolun hekayəsidir. Mənim lap balacalıqdan tanıdığım və hamının Sırtıq ağac dediyi kolun. Bəs nəyə görə azarkeş ağac adlanır ?! Çox sadə! Axı bu kol bizim stadionun düz azarkeşlər oturan tərəfində bitib. İnanmıram ki, kimsə onu əkmiş olsun. Yeganə yaşıl görsənən o idi ). Amma heç kim sevmirdi onu. Bir də gördün kefi istədi budaqlarını yazın lap əvvəllərində uzatdı göyə. Paho futbolun da qızğın vaxtı ola sən də “dəlisov” azarkeş olasan. Oyun budaqlar arasında itə sən də ağzından çıxanı döşəyəsən ağaca. Başına hansı oyunlar gətirməzdilər ki! Budaqlarını əzib, qırıb, yandırıb məhv edərdilər. Hətta özləri üçün düz kolun ortasında VİP oturacaq da düzəldirdilər. Həmişə baxanda fikirləşirdim ki, həəə bu kolunku elə bura qədər imiş, soldu bunun taleyi. Bunu heç bir təəssüf və təəssüb hissi olmadan fikirləşirdim. Elə mənim də xoşum gəlmirdi o koldan. Amma solan üz yox imiş sən demə. Kökü sağlam həşərat imiş. Biz vurduqca o dirçəldi, biz əzdikcə o budaqlandı. Gördü ki, yox biz də elə sırtığıq onun kimi, əl çəkən deyilik taktikaya keçdi! Yarpaqlarının fiziki quruluşundan tutmuş, kimyəvi tərkibinə kimi dəyişdi. Yeri gəlmişkən iynəyarpaqlı kol idi. Dinozavrların dövründən qalıb axı, gəlib indi uşaq-muşaq əlində qalmayacqdı ki)) Taktikası da sadə idi.. Duxunuz var toxunun mənə taktikası yürütməyə başladı. Yoo zəhər zad ifraz eləmirdi. (Amma biz onu həqiqi mənada çox zəhərləmişdik). Quru və tikanvari olan yarpaqları növbəti yaz tozvari və selikli, yaş bir şeyə çevrildi. İnanın ki, bir dəfə əl vuran lap dünya çempionatı da getsəydi də əllə heç vaxt ikinci dəfə toxunmazdı ona. Kolda bu dəyişilmə mənim onunla tanışlığımın hardasa 10-cu ildönümündə oldu. Gözüm öyrəşmişdi bu kola. Mənə də onun VİP oturacağında oturmaq nəsib olmuşdu. Orda oturanda da heç müsbət yanaşmırdım ona. Deyirdim ki, borcundur sən baxırsan, mən də rahat baxmaq istəyirəm futbola. Sonralar fikirləşirəm ki, bəlkə onun da futbola həvəsi varmış. Bu həvəsə görə də dözürmüş bizə, kökünün bərkiməyini gözləyirmiş. Yəni ki, “Əlinizdən nə gəlir edin. Qoy özümə yer edim, görün sizə neylərəm”. Elədi də. Konkret qırdı bizləri  özündən. Əməlli-başlı da yekələnmişdi. Budaqlarını sərbəst böyüdüb şellənirdi stadionda. Amma bizim saldığımız “oturacaq” hələ də qalmışdı. Kolun o hissəsi sanki keçəlləşmişdi, hamarlaşmışdı. Adama gəl-gəl deyirdi. Bilmək olmurdu bizə acıq verir bu kol, yoxsa darıxır bizimçün)). Biz də taleyimizlə barışmışdıq. Həm də bir az böyümüşdük axı! Deyirdik ki, heç nə olmaz qoy yaşasın özüyçün. Onsuz da bizdən kiçiklər o yarpaq mutasiyasına görə qəti yaxın getmirdilər kola.
Payızda-qışda stadionunda ins-cins olmayanda yetim kimi qalırdı kol. İllah da ki, çökəklikdə olan stadionumuzu su ağzına kimi basanda islanmış cücəyə dönürdü. Yayda isə gilli torpaq cadar-cadar olanda forslanırdı yəqin ki! Özünü nə bilim Texasda zadda hiss edirdi. Sonra da yəqin gözləyirdi ki, nə vaxt futbol sezonu başlayacaq. Bir sözlə biz böyüdükcə onun ikinci adı daha da aktuallaşdı. Azarkeş ağac oldu artıq onun ləqəbi. Amma bu o demək deyil ki, biz onu daha çox sevməyə başladıq. Yox əşi hardan! Elə ölürdük onun selikli yarpaqları üçün. Dost çıxmazdı bizə ondan. Sınanmış düşmən deyərdim mən bu kola. Başqa ağaclar, kollar kimi onun oksigen verməyinə də şübhəmiz var idi. Azarkeş isə öz işində idi. Ətrafını genişləndiridi, fəsilləri yola verirdi. Yəqin artıq heç darıxmırdı da.
Bu yaxınlarda bizim mikrorayonun iki yaşlı sakininin söhbətini eşitdim:
– Ə bu kolluğa halal olsun. Başında turp əkdilər uşaqlar bu hələ indi dit verir.
– Çökək yerdə, iluzunu da suyun içində. Heç çürümür də.
– Yəqin dərindədir kökü.
– Hmm…
Bu yaşlılar xeyli danışdılar. Mən də fikirləşirdim ki, indiyə kimi bir dəfə də olsun bu kola halal olsun sözü deməmişəm. Bir də fikirləşirdim ki, bu cüllütün kökü nə qədər dərin ola bilər axı ki, çürümür. Bu söhbətdən 2 aya yaxın vaxt keçirdi. Mikrorayonumuzda abadlıq işləri görülürdü. Abadlıq deyəndə ki, asfalta yamaq, borulara və binalara rəng vururdular. Necə olubsa qışdan yenicə çıxmış stadionumuza da barmaq ediblər. Bütün bu işlərin hamı işdə-gücdə olanda baş verirmiş. Deməli işdən gəlirəm və görürəm ki, stadionu şumlayıblar qəşəngcənə. O baş, bu baş zolaqlayıblar)) Kefim açıldı ki, yəqin yaxınlarda qazon zad da qoyarlar, oturcaqları da təmir edərlər olar əsl stadion. Pəh kefdir ki! Birdən yadıma Azarkeş düşdü. Ürəyimdə dedim qudurasan qurbağa, bundan sonra əsl stadionda baxarsan futbola! Xitabın tam yerinə düşməsi üçün şairanə tərzdə kola baxmaq istədim. Gözümə dəymədi axı elə bil. Hava qaranlıq idi artıq. Yaxşıca göz gəzdirdim. Hə ee vallah yerində yoxdur! Bu hanı, ala?! Qaçdım stadiona tərəf. Yox çıxartmışdılar, özü də kökündən. Çıxardıb sonra da yeri şumlamışdılar. Nəsə kefim pozuldu. Dəqiq bilmədim nəyə görə. Çıxardanda mən yox idim ona görəmi, yoxsa elə kolun özünə görə. Bir az keçdi yazığım da gəldi ona. Qısaca tarixinə gözümün qabağına gətirib dedim ki, sənə o iki nəfər qocanın gözü dəydi. Az müddətə kefim olmasa da evə gedə-gedə fikirləşdim ki, heyf son anda Azarkeşin yanında olmamışam. Heç olmasa kökünün uzunluğuna baxardım.