Ayaqyalın quşlar

Axı niyə ördəklər,
Toyuq, qazlar, leyləklər,
Göyərçinlər, sərçələr,
Büüütün bu dimdiklilər,
Büüütün bu lələklilər,
Ayaqyalın gəzirlər?!
Şaxta boran olanda,
Bəs onlar üşümürlər?!

Çünki bu tənbəl quşlar,
(Xüsusən də bayquşlar)
Məktəbdə əmək dərsin,
Yaxşı oxumayıblar.
Milləri atıb küncə,
Elə hey oynayıblar.
Qışda geyinmək üçün
Corab toxumayıblar!

Və Hər Kəs Öldürür Öz Sevdİyİnİ

Və hər kəs öldürür öz sevdiyini,
Qoy hamı dinləsin məni diqqətlə,
Kimi acı baxışla başlayar bunu,
Kimi yalan-yaltaq sözləri ilə.
Qorxaqlar öpüşlə məhv edər onu,
Cəsurlarsa qılınc zərbələriylə.

Kimi gənckən öldürür sevdiklərini,
Yaşlı vaxtlarında öldürən də var.
Kimi qurban verər öz şəhvətinə,
Kimi qır-qızılla onu soldurar.
İnsaflısı bıçaq alar əlinə!
Kəsdiyi tez ölər, tez də soyuyar.

Kimi çox az sevər, kimisi lap çox,
Kimi satar onu, alar başqası.
Kimi gözyaşına boğulub edir,
Kimi uf da deməz, saxlamaz yası.
Sevdiyini çünki hər kəs öldürür,
Amma hər öldürən çəkməz cəzasın!

Xəyallar bİr at olsaydı

Xəyallar bir at olsaydı,
At tək nəcib, güclü, yüyrək,
Səyirdərdim sağa, sola,
Bir-bir tərkinə minərək.

Xəyallar bir at olsaydı,
Vəhşi bir at, dəli bir at,
Çapıb ötüm qorxuları,
Arxada qalsın qaramat.

Xəyallar bir at olsaydı,
Xəyallarımsa at deyil.
Nədir, özüm də bilmirəm,
Sərgərdan, nizamsız, veyil.

ƏZİZ SƏNƏ

Mənə hər bir şeydən əziz sənə mən,
Şeir həsr etməyə qorxuram, birdən,
Oxuyub, məndən gənc, layiqli biri,
Səni mən tək sevər, mən kimi qəlbdən.


Mənə hər bir şeydən doğma səni mən,
Vəsf etməyə qorxdum, sevən kəs birdən,
Öz sevdiciyinə eşqin bildirər,
Səninçün tapdığım gözəl sözlərdən.

NƏVAZİŞ AXTARAN QIZ

– Ata, üzümə bax gör nə çıxıb,
Atası öpdü onun üzündən.
– Atacan, gözüm şişibdir, bir bax.
Atası öpdü onun gözündən.
– Ata, yandırır günəş üzümü,
Kəsdi atası günün önünü.
– Ata, arılar incitməz məni?
– İncitməz, qızım, onlar kimsəni.
– Yağış yağanda saçım islanmaz?
– Papaq geyərsən, heç bir şey olmaz.
– Atacan, evə çox gec gəlməzsən?
– Getmərəm işə, əgər istəsən.
– Yoruldum yaman, dincələk bəlkə?
– Çox yoruldunsa, gəl gedək evə.
– Gec yatsam bu gün, küsməzsən məndən?
– Mən yox, amma ay inciyər səndən.
– Nə vaxt gedəcəm məktəbə, ata?
– Az qalıb, qızım, həmin o vaxta.
Qızcığaz bir an dayanıb durmur.
Sual verməkdən zərrə yorulmur.
Atanı güdür, gözdən qoymur heç.
Baxır üzünə, qımışır bic-bic.
Sual üstünə sual yağdırır.
Nədir səbəbi bəs bu marağın?!
Dəcəldir yaman, gəzir, axtarır.
O öz gündəlik nəvaziş payın.

Qalay Əsgərcİk

Qalay əsgər

Əynində mundiri
 Özü qalaydan.
Dayan! - deyir əsgər, 
 Yol yoxdur burdan!
 Səsləndilər ona:
 Kraliçayam mən, 
 Təcili kralla
 Görüşməliyəm!
 Əsgər cavab verdi:
 Təəssüf edirəm. 
 Krala belə yol
 Verə bilmərəm.
 Görsəm kralı da,
 Deyəcəm belə:
 Giriş-çıxış üçün,
 Şifrəni söylə.
 Şifrəni bilirəm! 
 Səs gəldi yenə.
 Şokolad sözüdür, 
 Dedilər mənə.
 Yolüstü bir az da 
 Aldım sizinçün.
 O! - dedi əsgərcik, 
 Buyurun, keçin.
 Əynində mundiri,
 Özü qalaydan
 Belə şirnisevən
 Taparsız hardan?!

Ağ saçım


Ağ saçım, demədin nə vaxt gəlmisən,

Güc gəlib deyəsən maraq, gəlmisən.
Qapını döydünmü? Eşitmədim heç!
Bacadanmı girib sərvaxt gəlmisən?

Tək gəlsən üzünə vurmazdım bunu,
Dartmısan arxanca qohum, dostunu.
Hələ gözləmirdim sənin yolunu,
Səndən nə gizlədim, bivaxt gəlmisən.

Xoş gəldin deməyə dönmür heç dilim,
Qalacaqsansa de, işimi bilim?!
Saqqala girişmə amma, mən ölüm!
Gəl elə zənn edək qonaq gəlmisən.