1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dostlardan biri “Uşaqları bugünki savadsız müəllimlərdən qorumaq lazımdır” dedi. Sözsüz ki, haqlıdır. Bəzi müəllimlər özlərinin savadının az olduğunu bilə-bilə dərs keçirsə və hələ ona verilən dərs saatlarının azlığından şikayət edirsə ondan qorunmayasan neyləyəsən?! 🙂
Hələ şagird olanda bir kitabdan oxumuşdum ki, keçmiş əsrlərdə hansısa kəndin bir mədrəsəsində bir molla var imiş. Elə bütün uşaqlara dərsi bu molla keçərmiş. Həə bir gün həmin kəndin bir sakini artıq məktəbli yaşına çatmış övladını oxutmaq haqqında fikirləşir. Amma qalır iki fikir arasında. Əcaba deyir oğlumu mədrəsəyəmi aparım, yoxsa yenicə açılmış urus məktəbinə. Kişi yamanca qorxaq imiş. Kənd məni qınıyar a birdən! Hələ molla da bilsə dərimə saman təpər deyib uşağı da qoltuğuna vurub üz tutur mədrəsəyə tərəf. Gəlir həmin bu mollanın yanına. Xoş beş onbeşdən sonra molla deyir uşağı bəri elə görüm qabında nə var, imtahan edəcəm yüngülvari. Mollanın qaşqabaqlı sifətindən bir az qorxmuş uşaq önə keçir. Molla soruşur:
– Həə a bala, denən görüm ənif!
– Ənif.
– Bala, çaşma. Qulaq as və deynən ənif.
– Ənif!
– Ay uşaq, niyə özünü çaşdırısan. Niyə məni yorursan. Ənif deməyə nə var ki. Hələ bir denən ənif.
– Ənif.
– Ənif de, a bala, ənif!!!
– Dedim da ənif!
Molla sir-sifətini turşudub, tərləmiş üzünü uşağın atasına tərəf tutdu:
– Rəhmətliyin oğlu, bu uşaqdan oxuyan çıxmaz. Bunu savadlandırmaq müşkül məsələdir.
Bayaqdan mollanı diqqətlə izləyib onun uşağı necə çaşdırdığını görən ata barmağını dişləyir. Görür ki, L hərfini deyə bilməyən molla “Əlif” demək əvəzinə Ənif deyir. Yazıq uşaq da nə eşidirsə onu təkrar edir. Onda qayıdır ki:
– Yaxşı deyirsən, ay molla, bundan bir kar aşmaz. İcazə ver götürüb aparım.
Həə bu əhvalatdan sonra atası oğlunu vicdan rahatlığı ilə yeni üsulla dərs keçilən məktəbə aparır. Daha heç qorxub eləmir də.
İnanmağım gəlmir ki, molla bilmirmiş ki, o L hərfini deyə bilmir. Danışdığını ki, eşidir. Yox bunu bilə-bilə hələ qarşısındakını da borclu çıxarırsa, onda bu molladan qaçmaq savab işdir. Onun yetişdirdiyi nə olacaq ki?! Yadıma bir lətifə də düşdü. Bəlkə də tam yerinə düşmür amma yazacam 🙂
Dünyanın müxtəlif ölkələrindən olan fizik, konstruktor alimləri bir təyyarəyə yığıb harasa göndərirmişlər. Təyyarə qalxmamışdan qabaq onlara deyirlər ki, bəs bu təyyarəni sizin tələbələr düzəldib. (Guya ki, alimlər fəxr etsinlər deyə). Pah o saat içəri çaxnaşma düşüb. Hamı qaçıb təyyarədən, bir nəfərdən başqa. Deyiblər yəqin ki, bu alim tələbəsindən razıdır. Soruşanda ki, ay filankəs, nə əcəb qaçmadın? Deyib ki, əgər mənim tələbəmin bu təyyarənin istehsalında barmağı varsa bu təyyarə nəinki uçmaq, heç yerindən tərpənən deyil 🙂
Kişi adamdır. Yaman deyib. Amma day deyə bilməyəcəm alim özü savadsız olub, yoxsa onun tələbəsi yelbeyin imiş!