Nifrətbazlar

Haters gonna hate, mate!                                                                                                                            

Bunu yazmalıydım! Gözəl metromuzda gələndə bu gün bir dənə də dialoqu eşitdim. Futbol haqqında idi. İki oğlan Euro2012-dən danışırdı. Hərəsinin azı 24-26 yaşı olardı. Söhbət dünənki İspaniya-Portuqaliya oyunu ilə başlayıb, bugünki Almaniya-İtaliyaya oyununa gəldi. Söz arası biri dedi:

Mən həmişə almanlara nifrət eləmişəm.

Xeyir ola ki, nifrət? (Bu sualı mən də verdim. Ürəyimdə və daha sərt şəkildə:) )

Nəəm. Lap balacalıqdan, elə-belə.

– Tupoysan ki, sən. Nəyə görə nifrət elədiyini bilmirsən 🙂

– Belə deyək də..onlar faşist olublar. Bir də futbolu bizdən yaxşı oynayırlar.

– Öldürmüsən e. Sənə kim dedi ki, bütün almanlar faşist olub?! Bu bir. Bir də futbolu bizdən yaxşı oynayırlarsa bizim komandaya nifrət elə də.

Burda söhbəti eşidən hamı güldü. Nifrətdən bol olan oğlan revanş götürdü)

– Yox bir dənə də səbəb var. Almanlarda həmişə bir dənə də olsun türk olub.

– Yaxşı ala!! Məntiqsən e sən. Onlar Türkiyədən getməyib ki.. Almaniyanın vətəndaşıdır. Dəxli nədir ki, türkdür, ya alman. Sən öl sən təkərə düşmüsən. 28-ə çatmamış çalış çıx ordan 🙂

Qaqaş yaman dedi amma. Dostunun mənasız yerə nifrət etməyi bir yana qalsın, nifrətini tutarsız dəlillərlə leqallaşdırmaq istəməsi gülüncdür. Hamı ona gülsə ki, o öz sözündən dönməmiş kimi göründü. Oğlanın üzündə “Hər kəsin səbəbsiz yerə nifrət etmək hüququ var” kimi ifadə var idi. Bəlkə də belə bir hüquq var. Amma bu sakit hüquqdur. Yəni bununla fəxr edib ucadan hamıya dinlətmək, başqalarının səbəbsiz yerə sevmək hüququnu pozur. Nifrətini özgəyə sırımaq istəyi həmişə olub insanlarda. Yəqin tənha nifrət etmək darıxdırıcıdır, bezdiricidir. Lap birtərəfli sevgi kimi, lap AzTV-nin almanlara olan nifrəti kimi )

Advertisements

Xaricdə təhsil

Dostlarım məni bu postu yazmağa həvəsləndirdilər. Beynimdə çoxdan fırlanırdı. Düşünürəm ki, az da olsa xeyri dəyəcək. Bir çox tanışlar xaricdə təhsil almaq haqqında fikirləşirlər, bəziləri isə artıq qəbul olublar. Standart problem isə qəbuldan sonra scholarship tapmaq məsələsidir.

Qəbul eyforiyasına düşəndə adam gerisini heç fikirləşmir.  Sonra isə əl-ayağa düşmək, tez-tələsik qərar vermək məcburiyyətində qalanda hər şeyə həvəssiz yanaşırsan. Pis odur ki, daha çox səhvlər buraxmağa başlayırsan. Ümumiyyətlə nəyisə axtarmaq az da olsa səbr tələb edir. Bir az əyləncələrdən kənarda qalmaq, öz üzərində daha çox işləmək, az yatmaq (!) gərəkəcək.

Səhvsiz insan olmaz. Məqsəd eyni mövzuda gələn dəfə daha az səhvlərin olmasına çalışmaqdır ki, ümidvaram bu post heç olmasa kimisə buna həvəsləndirəcək. Elə səhvlərdən də başlayaq. Scholarship    axtaran zaman ən geniş yayılmış səhvlər bunlardır:

1. Axtarış zamanı yalnız qəbul olduğunuz müəssisənin web səhifəsini gözdən keçirmək;

Burada imkanlar çox cüzidir. Nəzərə alsaq ki, bir çox müəssisələr öz səhifələrini vaxtlı-vaxtında yeniləmirlər onda imkanlar daha da qısıtlaşır.

2. Müəssisə ilə uzunmüddətli əlaqə saxlamamaq;

Bir sözlə dəng edin var gücünüzlə 🙂 Qoy bu onları təngə gətirsin. Sizə isə çox xeyri var. Özünüzü hiss etdirin. Sualları ünvanlayarkən elə edin ki, doğurdan da bu onları düşünməyə vadar etsin.

3. Müəssisənin keçmiş tələbələri ilə ünsiyyətə girməmək;

Xüsusilə interaktivliyin bu qədər yüksək və istənilən sosial şəbəkədə bu qədər alumni-grouplar olduğu halda bu şansı qaçırmaq sadəcə YOLVERİLMƏZDİR! Ürəyiniz istədiyi qədər sualları yönləndirin. Əmin olun ki, çoxlarından səs çıxmasa da səsinizə səs verən olacaq. Dünya xeyirxahlardan xali deyil.

4. Terminlərə qarşı fobiya;

Dəfələrlə müşahidə etmişəm ki, bəzi uşaqlarda terminologiya qorxusu var. Axtarış zamanı nəsə ona yad olan bir termin gördüsə onu özü üçün qorxunc bir yuxuya çevirir. Son sözü isə “mənlik deyil bu” olur. İnanın ki, çox vaxt o qısa terminlər daha çox qorxunc görsənən, lakin məna etibari ilə eyni olan uzun cümlələrin əvəzləyiciləridir!

5. Təkrar cəhdə həvəssizlik;

Cəhd edib uğursuzluğa düçar olma qorxusu ən pisidir. Axı sən heç də bunu hamıya yaymaq məcburiyyətində deyilsən. O zaman niyə də cəhd etməyəsən. Özünü yoxlamağın nəyi pisdir ki?! Bəziləri birinci uğursuzluqdan sonra növbəti cəhd haqqında düşünmək belə istəmirlər. Əgər elə birinci zökəmdən sonra idmanı atacaqsansa, o zaman heç ona başlamağa dəyməz .

Bəs yaxşı birinci nədən başlayaq?! İlk öncə əgər işləyirsizsə ilk növbədə rəhbərliyə bu barədə xəbər verin (sözsüz ki, əgər bunu gizlətməyə müəyyən səbəblər yoxdursa). Əgər təhsiliniz sırf işinizlə bağlıdırsa lap əla. Şansınız var ki, işlədiyiniz müəssisə sizə heç olmasa müəyyən qədər kömək etmiş olsun.

Heç kim qadağa qoymur ki, scholarship axtarışı mütləq hər hansı bir universitetə, kollecə qəbuldan sonra başlanmalıdır. Xeyr! Daha əvvəl, lap 6 ay, 1 il əvvəl da axtarışa başlaya bilərsiniz. Çünki aydın məsələdir ki, hamımızın arzusu Full Scholarship əldə etməkdir ki, bu da vaxt alan və bezdiricidir. Bizdə də var axı “əşşi hələ vaxta var” tənbəlliyi!

Dövlət xətti ilə getmək də pis fikir deyil. Nə qədər desələr də ki, ora ancaq tapşırıqla işləyir, gərək adamın olsun inanmayın. Mən demirəm ki, orda tapşırma yoxdur, (axı bura Azərbaycandır) amma dostlar arasında öz başı ilə gedib oxuyanlar var. Sözümün canı cəhd etməyə dəyər. Hmm bəs əgər dövlət xəttinin şərtləri sizi qane eləmirsə! Canınız sağ olsun hər şəyin əlacı var.  Söhbətin əsas hissəsi də elə o əlacla bağlıdır. Xaricdə scholarship tapmaq, heç olmasa müxtəlif “Student Loans without Cosigner” və s. fondlarından yararlanmaq hamımızın fikrindən keçib yəqin.  Bizdə əsasən  master təhsili almaq üçün xaricə üz tutulur. Amma çox təəssüf ki, elə sahələr var ki, onlara  yalnız partial scholarship tapmaq mümkündür. Amma bu sizi sıxmasın. Araşdırın, görün qəbul olduğunuz ölkədə xarici tələbələrə yardım fondu varmı (İnaşallah bu yaxınlarda Florida ştatında azərbaycanlı və türk tələbələrin şəxsi təşəbbüsləri sayəsində ABŞ daxili birdəfəlik yardım fondu açılmalıdır), universitetdaxili əlavə təqaüd proqramları varmı. Ümümiyyətlə partial scholarship götürən zaman təhsil haqqının digər hissəsini sırımağa bir yer axtarın 🙂 Daha bu o demək deyil ki, gözünüzü yumub harda nə proqram oldu ora apply edəsiz. Özünüzü işə salarsız! Şərtlər, şərtlər, şərtlər! Çox ustalıqla mənfi tərəfləri gizlədilmiş şərtlər! Bax bundan ehtiyatlanmağa dəyər. TEMPUS proqramı əsasında dediyim bu şərtləri nəzərə almayan yoldaşlar tanıyıram ki, indiyə kimi peşmançılıq çəkirlər. Məsələn kiminsə IELTS göstəricisinin etibarlılıq tarixindən 2 gün keçib.  Adamı lap ağlamaq tutur! Araşdırmağa cəhd kimi hələ ali müəssisəyə qəbuldan əvvəl sənin təhsil haqqını ödəyə biləcək banklarla maraqlanmaqdır. Soruşa bilərsiniz ki, xarici bankın nəyinə gərək pulunu hardansa gəlmiş tələbəyə sərf etsin. Doğrudur bir çox banklar – öz ölkələrində az-çox tanınan banklar əməkdaşlıq haqqında heç düşünməyəcəklər də! Odur ki, axtarış zamanı daha çox ikinci dərəcəli və ölkə və ya dünya miqyasında öz yerini möhkəmlətməyə çalışan banklarla maraqlanın. Bu cür banklar külli-miqdarda orta və böyük ölçülü xeyriyyə işlərindən tutmuş, tələbələrə yardım aksıyaları (Student loans) və s. təşkil edirlər. Eynilə hə hansı bir mötəbər qurumda özünü görmək istəyən ölkələr kimi xeyriyyə işlərində aktivlik nümayiş etdirirlər. (Mən bilən Yaponiya BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlüyünə qəbul olmaq üçün dünyada ən çox xeyriyyə işləri təşkil edir) Əsas məqam isə bu bankların arasında scholarship məsələsində əməkdaşlıq etmək istəyənlər da tapılır. Daha çox Yaponiya (Japan Indonesia Scholarship (JIPS)), Avstraliya (Dean’s Scholarships for International Students) və Skandinaviya (məs. https://www.cresco.no/) ölkələrində geniş yayılıb bu hallar. Bankı tapmaq işin birinci yarısıdır. Onlar da nisbətən kiçik ölçülü banklar olsalar da heç də öz pullarından bezməyiblər. Yəni onların da irili-xırdalı müəyyən şərtləri olacaq. Məsələn TEMPUS, ERASMUS MUNDUS xətti ilə təhsil almış tələbələrə qoyulmuş şərtlərin bəzisini istəyə bilər sizdən bu banklar. Hətta ola bislin ki, əlavə imtahanlar da verməyinizi tələb etdi. Əlavə imtahanlar ən çox möhlət hüquqlu scholarship götürmək istəyən zaman lazım olur. Çox zaman IELS 6-6.5 (academic), TOEFL (500 paper based və ya 61 internet based) minimal nəticələr tələb olunur. (Müxtəlif formatların müqayisəsi üçün keçid). Bəzən seçdiyiniz sahəyə uyğun olaraq GRE (Graduate Record Exam/CAT) və GMAT (Graduate Management Admission Test) tələb oluna bilər. Bir məsələni yaddan çıxartmaq olmaz ki, sənədləşdirmə zamanı zəhmətiniz hədər getməsin deyə təhsil almaq istədiyiniz müddət ərzində “inkişaf etməkdə olan ölkələrdən tələbələrin qəbulu kvotası” sxemini yaxşıca öyrənməlisiniz. Bir bank tapıb tamamilə əməkdaşlığa hazır olma prosesi sizin hardasa 6 aya qədər vaxtınızı ala bilər. Əlaqələr zamanı bankın skype hesabını öyrənin, müxtəlif şəbəkələrdə olan səhifəsini izləyin. Əgər bankla danışıq yalnız email vasitəsilə olursa, onda mütləq SPAM və JUNK mails kimi qovluqları vaxtaşırı yoxlamağı unutmayın. Yoxsa ki, sizə hansısa müəssisədən 2-3 ay bundan qabaq gəlmiş müsbət cavab JUNK-da yattığı halda, hər gün əsəbi halda Inbox-u klikləməyə davam edəcəksiniz. Bankın bu sahədə təcrübəsini öyrənmək və imkan varsa heç olmasa bir dəfə həmin ölkəyə səyahət edib şəxsən görmək yalnız xeyir verəcək sizə. Çətinlikləri hiss edən zaman panikaya düşmək əvəzinə artıq bu işdə təcrübəsi olan dostların köməyinə arxalanın. Eyni zamanda özünüz də yeni bilgilərinizi özünüzdə saxlamayın, paylaşın. Ola bilər ki, sizin doğru bildiyiniz məqamlar heç də dəqiq deyil və doğru olsa da daha uzun yoldur və azsəmərəlidir.

Dostlar, sözümü yekunlaşdırmaq istəyirəm. Öncədən oxuduğunuz üçün təşəkkürlərimi bildirirəm. Çox istərdim ki, bu yazıdan əgər yaralana bildinizsə paylaşsınız. Əgər natamam və səhv məlumat varsa iradlarınızı bildirəsiniz.  Savadlı,təhsilli olmaq istəmək gözəl istəkdir. Həm də çətin qazanılan yoldur. Bu çətin, maraqlı yolda hamınıza uğurlar və yenə uğurlar arzulayıram.

Ənif

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dostlardan biri “Uşaqları bugünki savadsız müəllimlərdən qorumaq lazımdır” dedi. Sözsüz ki, haqlıdır. Bəzi müəllimlər özlərinin savadının az olduğunu bilə-bilə dərs keçirsə və hələ ona verilən dərs saatlarının azlığından şikayət edirsə ondan qorunmayasan neyləyəsən?! 🙂

Hələ şagird olanda bir kitabdan oxumuşdum ki, keçmiş əsrlərdə hansısa kəndin bir mədrəsəsində bir molla var imiş. Elə bütün uşaqlara dərsi bu molla keçərmiş. Həə bir gün həmin kəndin bir sakini artıq məktəbli yaşına çatmış övladını oxutmaq haqqında fikirləşir. Amma qalır iki fikir arasında. Əcaba deyir oğlumu mədrəsəyəmi aparım, yoxsa yenicə açılmış urus məktəbinə. Kişi yamanca qorxaq imiş. Kənd məni qınıyar a birdən! Hələ molla da bilsə dərimə saman təpər deyib uşağı da qoltuğuna vurub üz tutur mədrəsəyə tərəf. Gəlir həmin bu mollanın yanına. Xoş beş onbeşdən sonra molla deyir uşağı bəri elə görüm qabında nə var, imtahan edəcəm yüngülvari. Mollanın qaşqabaqlı sifətindən bir az qorxmuş uşaq önə keçir. Molla soruşur:

– Həə a bala, denən görüm ənif!

– Ənif.

– Bala, çaşma. Qulaq as və deynən ənif.

– Ənif!

– Ay uşaq, niyə özünü çaşdırısan. Niyə məni yorursan. Ənif deməyə nə var ki. Hələ bir denən ənif.

– Ənif.

– Ənif de, a bala, ənif!!!

– Dedim da ənif!

Molla sir-sifətini turşudub, tərləmiş üzünü uşağın atasına tərəf tutdu:

– Rəhmətliyin oğlu, bu uşaqdan oxuyan çıxmaz. Bunu savadlandırmaq müşkül məsələdir.

Bayaqdan mollanı diqqətlə izləyib onun uşağı necə çaşdırdığını görən ata barmağını dişləyir. Görür ki, L hərfini deyə bilməyən molla “Əlif” demək əvəzinə Ənif deyir. Yazıq uşaq da nə eşidirsə onu təkrar edir. Onda qayıdır ki:

– Yaxşı deyirsən, ay molla, bundan bir kar aşmaz. İcazə ver götürüb aparım.

Həə bu əhvalatdan sonra atası oğlunu vicdan rahatlığı ilə yeni üsulla dərs keçilən məktəbə aparır. Daha heç qorxub eləmir də.

İnanmağım gəlmir ki, molla bilmirmiş ki, o L hərfini deyə bilmir. Danışdığını ki, eşidir. Yox bunu bilə-bilə hələ qarşısındakını da borclu çıxarırsa, onda bu molladan qaçmaq savab işdir. Onun yetişdirdiyi nə olacaq ki?! Yadıma bir lətifə də düşdü. Bəlkə də tam yerinə düşmür amma yazacam 🙂

Dünyanın müxtəlif ölkələrindən olan fizik, konstruktor alimləri bir təyyarəyə yığıb harasa göndərirmişlər. Təyyarə qalxmamışdan qabaq onlara deyirlər ki, bəs bu təyyarəni sizin tələbələr düzəldib. (Guya ki, alimlər fəxr etsinlər deyə). Pah o saat içəri çaxnaşma düşüb. Hamı qaçıb təyyarədən, bir nəfərdən başqa. Deyiblər yəqin ki, bu alim tələbəsindən razıdır. Soruşanda ki, ay filankəs, nə əcəb qaçmadın? Deyib ki, əgər mənim tələbəmin bu təyyarənin istehsalında barmağı varsa bu təyyarə nəinki uçmaq, heç yerindən tərpənən deyil 🙂

Kişi adamdır. Yaman deyib. Amma day deyə bilməyəcəm alim özü savadsız olub, yoxsa onun tələbəsi yelbeyin imiş!