Əlinin 7 Hekayə adlı ilk kitabını oxuyub bitirdim. Çox vaxtımı almadı 🙂 Əli özü çoxlarını sancdığı üçün bilirəm ki, bu kitaba qərəzli-qərəzsiz babat tənqidlər yazılacaq. Bəlkə da yazılıb artıq. Bu yazı isə əsasən hekayələri oxuyarkən xatırladığım əsərlər barəsində olacaq. Bir növ assosiasiya oyununda olduğu kimi. Bir əsərin digər əsəri xatırlatmasının pis və ya yaxşı hal olmasını isə qoy peşəkar ədəbi tənqidçilər desin. Şəxsən mənə bu halın, əgər əsər açıq-aşkar plagiat deyilsə elə də isti-soyuğu yoxdur.
Fəlakət hekayəsinin elə başlağıcı mənə Emin Mahmudun elmi-fantastik Missuri daşanda hekayəsini xatırlatdı. Oxşarlıqlardan biri Əlinin hekayəsində meymunla insanın, Emin Mahmudun hekayəsində isə insanla robotun qarşı-qarşıya qoyulmasıdır. Meymunların dərdinə digər heyvanların gəlməsi səhnəsi isə Felix Salten-in Bambi povestindəki heyvan yığıncaqlarına bənzədi. Qayğı, əsəb, himayə, qorxu, kinayə kimi hisslər bu oxşarlığın əsas hissəsidir. Hekayənin özünü bəyənmədim. Tələsik yazılıb elə bil ki.
Bəyəndiyim cümlə: “O əclaf nə etsin axı, oxşayırıq da!”
Qırx mühafiz hekayəsindəki arxaizmdən İsa Hüseynovun (Muğanna) İdeal romanının qoxusu gəldi. Düzdür, bu romanı lap çoxdan oxumuşam. Məktəb illərində, çox şeyi də hələ ağlım kəsmirdi, romanın dili də qəliz idi. Amma Bağ-Boq haqqında dialoqlar və dilimizin qədimliyi barədə olan teoriyalar dəqiq yadımdadır. Əlinin yazısında bu yöndə istehza duyulsa da, nəyə görəsə mənə elə gəldi ki, Əli nə zamansa millətçi olub. Əsasən keçmiş millətçilər bu cür istehzalardan istifadə edirlər. Görəndə özündən soruşub dəqiqləşdirəcəm.
Bəyəndiyim cümlə: “Qamlar da yalan deməz, onların dili ilə Xan Tenqri özü danışır”
Qara hekayəsini başlayan kimi narahat oldum. Əli millətçi Qırx mühafiz hekayəsində “qam” sözünün mənasını yazır, amma bu solçu hekayədə guppuldatdığı “Timeo Danaos et dona ferentes!” cümləsinin ucundan-qulağından da olsa tərcüməsini vermir. Əlidə də var axı beyin əzələsini nümayiş elətdirmək 😉 Niyə elə gərək mən kitab oxuduğum yerdə bir də google-a girib ifadə axtarım?! Yaxşı deyil axı 🙂 Bilməyənlər də yəqin baxıb biliblər ki, bu cümlənin mənası “Hədiyyə ilə gələn yunanlardan ehtiyat et” deməkdir. Yaxşı söhbətdir amma.
Qara -dakı gülümsəməyi bacarmayan qaqaş mənə James Krüss-ün Timm Thaler, or the traded laughter (Tim Taler, yaxud satılmış gülüş) povestini xatırlatdı. Əsas fərq Əlinin qəhrəmanının mənfi obrazda verilməsidir. Qara hekayəsini bəyəndim. Əli bir az zilə çıxıb xalanın kimdənsə hədiyyə ala bilmək barədə ehtimalını çox dramatikləşdirsə də, ümumilikdə yaxşı hekayədir. Bizim evə də gəlmişdilər bu hədiyyə paylayanlar. Bir az başqa cür idi işləmə prinsipləri amma. Əvvəlcədən ev telefonuna zəng edib deyirdilər ki, sizin nömrəniz şanslı nömrədir, nə bilim 100 nömrə arasında təsadüfən seçilib və s. və ilaxır.
Bəyəndiyim cümlə: “Amma bu ağırlıq onu yormur, əksinə. yüngülləşdirir, gümrah edir”
Dəniz Kənarında adlı romantik hekayənin başlanğıcı məncə çoxlarına Çingiz Aytmatovun Dəniz kənarıyla qaçan alabaş əsərini xatırlatmış olar. Səhv eləmirəmsə orada da əsər epiqrafla başalayır. Orada da dənizə qarşı kin, sevgi hissləri var. Əlinin hekayəsində personajların adı yoxdur. Yaxşı ki, heç olmasa hekayəyə ad verib Əli. Bir də adətən öz əsərlərindəki personajlara, toponimlərə israrla ad vermək istəməyən müəlliflər bununla sanki oxucunun diqqətini başqa səmtə, “daha vacib” məqamlara yönləndirirmişlər kimi bir havada olurlar. Bu hekayədə heç o hava da yoxdur. Yəni mən hiss eləmədim. Yeri gəlmişkən, mərc gələrəm ki, hekayədəki “Gəl gedək N.-ya” cümləsindəki N Nabrana işarədir 🙂 Hekayəni bəyənmədim. Zəif gəldi. Hansısa türk serialının xülasəsinə oxşayır.
Bəyəndiyim cümlə: “Üzrxahlıq eləyir saxtakarxasına.”
Şəhər absurd hekayəsində Əli qəmli, amma sonu yaxşı görünən bir Qaravəlli yazıb. Yaxşı ki, elə də uzun deyil, yoxsa bu 7 rəqəmi ilə olan oyunbazlıq yorub əldən salardı məni 🙂
Bəyəndiyim cümlə: “Axırda bir dibsiz vedrə tapdılar”
Yayı olmayan il hekayəsindəki danışan pişik mənə dörd hekayəni xatırlatdı. Bulqakovun Master və Marqarita-sı, Hoffmanın Fındıqqıran və siçanlar kralı nağılı (düzdür bu nağılda danışan pişik yox, amma eynilə Əlinin pişiyi kimi yekəbaş-yekəbaş danışıb bozaran siçan idi), Ernest Thompson Seton-un Xarabalıq pişiyi (Slum Cat) və bir də Dragutin M. Malović-in Sarı pişik (Riđi mačak). Xarabalıq pişiyi əsərində bir küçə pişiyinə qondarma əsil-nəcabət yapışdırılmasından söhbət gedir. Sarı pişik əsərində isə pişik daha zilə qalxaraq uşaq (Draqan) ilə dialoqda öz dili ilə pişiklər kralı I Barbarossa olduğunu bildirir. Bildirir yox, amiranə israr edir! Əlinin pişiyi də öz kökünü əsilzadələrə bağlayır. Əlinin pişiklərə olan sevgisinin bariz nümunəsidir bu hekayə 🙂 Deyim ki, bu cür yazılmış hekayələri xoşlayıram. Amma day belə qısa yox! Hiss olunur ki, bu hekayəni Əli daha həvəslə yazıb, tər töküb. Əminəm ki, özü də bəyənib bu yazısını.
Bəyəndiyim cümlə: “Nəcib adamlar qapalı yerdə siqaret çəkmir”
Boyunbağı plagiat hekayə də xoşuma gəldi. Ya Somerset Maugham, ya da Guy de Maupassant-ın eyniadlı hekayələrindən ilhamlanıb yazıb yəqin Əli. Yaxşı yazıb insafən. Ağ təpə sözünün mənasını bilmədim amma. Nigaran qaldım. Bunu da soruşacam Əlidən. Bir də nəyə görəsə Cəmşid Əmirovun Qara Volqa romanı da yadıma düşdü. Əsərin dəsti-xəttinə görə yəqin.
Bəyəndiyim cümlə: “Canınız çıxardı Nikolayı yıxmazdız!”
Sonda Əlini bir daha təbrik edib, ona qarşı olan haqsız tənqidlərə görə həvəsdən düşməməsini arzu edirəm.
P.S. Bəzi xatırladığım əsərləri açıb yenə oxudum, Əli! Buna görə də çox sağ ol.