Kəlbəcər rayonundan məcburi köçkün düşüb Oğuz rayonunda məskunlaşmış bir ailə. Arıçılıq dədə-baba peşələri olduğu üçün çətinliklərə baxmayaraq burada da bu ənənəni davam etdirməyə çalışırlar. Arıların ailənin ən kiçik üzvünə kimi sancmasına baxmayaq, ağsaqqal onlardan incimədiyini və “Bal tutan barmağın da yalayar, bal tutanı arı da dalayar” deyə bildirdi. Səxavətlə məni evlərində qonaq etmək istəsələr də, bir rayonda ən çoxu 2 gün qalmaq vədinə və həmin gün artıq başqa bir rayona getməli olduğuma görə bu istəyi qəbul edə bilmədim. İcazə aldıqdan sonra fotolarının çəkilməsinə etiraz etmədilər. Təəssüf ki, ailədə heç kimdə email ünvanı olmadığı üçün hələ də öz şəkillərini görməyiblər. Yenidən getdiyim zaman mütləq bu ailəni tapıb şəkillərini verəcəm 🙂 Onlardan ayrılan zaman mənə 3 litrlik (!) balonda bal vermək istədilər. Ancaq düzü həm bel çantamda yer olmadığı üçün, həm də utandığım üçün balı sevmədiyimi bəhanə gətirərək bu təklifdən də imtina etdim.
Foto Azərbaycan rayonlarına avtostopla səyahət etdiyim zaman çəkilmişdir.