Məktəb vaxtından yadımda qalan bir musiqini çoxdandır ki, axtarırdım. Yadımda idi ki, bu nəğməni biz eyni zamanda iki dildə, rus və öz dilimizdə əzbərləmişdik. Rus dilində olan versiyanı asanlıqla internetdən tapdığım halda, tərcümə olunmuş versiyanı tapa bilmədim. Azərbaycan dilində olan versiyadan cəmi iki bənd yadımda qalmışdı. (Sözün düzü iki bənddən artıq bəndlərin olduğuna da əmin deyiləm nədənsə). Bu iki bəndim müəllifini də təəssüf ki, tapa bilmədim. Sözlərin müəllifi bir yana qalsin, musiqinin müəllifinin R.Rüstəmova aid olduğunu görüb bu müəllifin azərbaycanlı olub-olmadığından şübhələndim. Nəhayət ki, musiqinin müəllifinin Rüstəmov Rafael Səid oğluna aid olduğunu aydınlaşdırdım. Çox güman ki, bəstəkar Səid Rüstəmovun oğludur. Çünki Səid Rüstəmov özü də orta və ali təhsil müəssisələri üçün musiqilər bəstələyib. Digər bəndlərin olub-olmaması haqqında heç bir məlumat tapa bilməyəcəyimə əmin olduqdan sonra rus dilində olan 3 və 4-cü bəndlərə uyğun olaraq iki bənd özümdən əlavə etdim. Əlavə etdim bir az böyük səslənir. Cəmi dörd cümlə yazmışam. Əgər kimdəsə orijinal bəndlər varsa paylaşmağınızı rica edirəm. Böyük məmnuniyyətlə öz yazdığımı silib onları əlavə edərdim. Beləliklə, qarşılayın – “Çünki Biz Şənlənirdik” nəğməsinin qeyri-rəsmi versiyası 🙂
Çünki biz şənlənirdik
Gün çıxdı güldü göylər,
Nur yayıldı aləmə.
Çünki biz şənlənirdik,
Dilimizdə bu nəğmə;
Deyirdik hamımız: A-NA-CAN!
Sevimli mahnımız: A-NA-CAN!
* * *
Quş uçdu yuvasından,
Səsi düşdü aləmə.
Çünki biz şənlənirdik,
Dilimizdə bu nəğmə;
Deyirdik hamımız: A-NA-CAN!
Sevimli mahnımız: A-NA-CAN!
* * *
Çaylar axdı şırhaşır,
Sular güldü aləmə.
Çünki biz şənlənirdik,
Dilimizdə bu nəğmə;
Deyirdik hamımız: A-NA-CAN!
Sevimli mahnımız: A-NA-CAN!
* * *
Güllər qalxdı yuxudan,
Ətri gəldi aləmə.
Çünki biz şənlənirdik,
Dilimizdə bu nəğmə;
Deyirdik hamımız: A-NA-CAN!
Sevimli mahnımız: A-NA-CAN!